AZE ENG
Facebook
Twitter Google Myspace
III Həmzə Nigari Simpoziumu keçirildi
22-5-2017

ADPU-nun Şamaxı Filialında III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu keçirildi.

Bir çox tədbirlərə ev sahibliyi etmiş  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının tarixinə daha bir əlamətdar  simpoziumun keçirilməsi yazıldı. 17-18 may 2017-ci il tarixdə ADPU və onun Şamaxı filialının,  Türkiyə Cumhuriyyəti Amasiya Universitetinin, Amasiya Azərbaycan Türkləri Kültür Sanat və  Dayanışma Dərnəyinin və Miras Mədəni İrsin Öyrənilməsinə  Kömək İctimai Birliyinin birgə təşkil etdiyi  III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumunun ADPU-nun Şamaxı filialında keçirilməsi çox yadda qalan bir hadisədir. Tədbirdə  Türkiyənin Amasiya Universiteti, Marmara Universiteti, Necmettin Ərbakan Universiteti, Çankırı Karatekin Universiteti, İtaliya Yokoku Assossasiyası, Makidoniyadan 25 nəfər olmaqla, respublikanın tanınmış akademiklərindən İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, ADPU-nun rektoru professor Cəfər Cəfərov və universitetin Ağcabədi, Quba, Cəlilabad, Şəki filiallarının direktorları, Şamaxı İcra Hakimiyyətinin başçısının birinci müavini Qasım Qasımov, Azərbaycanın bir çox elm ocaqlarından və mədəniyyət mərkəzlərindən olan 120 nəfər elm xadimi, həmçinin Seyid Həmzə Nigarinin nəslindən olan qonaqlar, mediya nümayəndələri, Şamaxı filialının professor-müəllim və tələbə heyəti iştirak edirdilər. 

Simpozium iştirakçıları ilk öncə Şamaxı rayon mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə tər gül dəstələri qoydular və Heydər Əliyev Mərkəzini ziyarət etdilər.

Simpozium iştiraşçılarının qeydiyyat prossesi başa çatdıqdan sonra saat 1100-da filialın akt zalında plenar iclas başladı. Simpoziumu giriş sözü ilə filialın direktoru f.ü.f.d., dos.Tünzalə Yusifova açaraq simpozium iştirakçılarını salamladı və bildirdi ki, bu gün eyni zamanda işığına toplaşdığımız Həmzə Nigarinin doğulduğu Qarabağın dilbər guşələrindən biri olan Laçın rayonunun erməni vandalları tərəfindən işğal edildiyi gündür. Hələ 200 il öncə Nigari Qarabağın ruslar tərəfindən işğalından sonra yazdığı şeirində bu faciəli hadisənin “sinəsinə sancılan xəncər kimi onu istiraba qərq etdiyini” ifadə etmişdir. Sanki o, Qarabağın 200 il sonra bu gün ermənilər tərəfindən işğal edilib talan olunacağını hiss etmiş kimi bugünki insanların əhval-ruhiyyəsini misralarında əks etdirmişdir. Qarabağ həsrəti ilə alışıb yanan Həmzə Nigari bu günümüz üçün də dua etmişdir.

 Sonra Laçın rayonunda və ümumilikdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan  soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Sonra Türkiyə və Azərbaycan Respublikalarının dövlət himnləri səsləndirildi.

Tünzalə Yusifova çıxışında onu da qeyd etdi ki, qədim elm və mədəniyyət mərkəzi olan Şamaxıda Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumunun keçirilməsi əlamətdar hadisə olmaqla yanaşı həm də məntiqidir.  ADPU-nun Şamaxı filialının tarixində ilk dəfə belə bir beynəlxalq simpoziumun keçirilməsi xüsusilə əhəmiyyətlidir və gələcəkdə belə tədbirlərin keçirilməsi üçün uğurlu başlanğıcdır. 

Giriş sözündən sonra Həmzə Nigarinin “Nə sünniyiz, nə şiyə” misraları musiqi müşaiəti ilə səsləndirildi. 

Sonra qonaqları salamlamaq üçün söz simpoziumun keçirilməsi üçün ilk günlərdən böyük dəstək olmuş, diqqət və qayğısını əsirgəməyən ADPU-nun rektoru professor Cəfər Cəfərova verildi. O, İslam Həmrəyliyi ilində Şamaxıda – filialımızda  dünyaca tanınmış məşhur sufi şairi Həmzə Nigarinin adı ilə bağlı III Beynəlxalq Simpoziumun keçirilməsinin  mühüm hadisə olduğunu öz çıxışında qeyd etdi, simpozium iştirakçılarını salamladı, “xoş gəlmisiniz” deyərək bütün iştirakçılara uğurlar arzuladı. Cəfər Cəfərov Həmzə Nigarinin Türk-İslam dünyasına məna yüklü əsərlər bəxş etməsindən danışaraq bildirdi ki, onun  divanı türk dilində əvvəlcə Tiflisdə, sonra İstanbulda  nəşr edilmişdir. Sonralar isə dəyərli alimlərin sadələşdirməsi və yeni əlifbaya çevirməsi ilə həm Türkiyədə, həm də Azərbaycanda yenidən çap olunmuşdur. Həmzə Nigarinin İstanbulda nəşr olunan fars dilində də divanı vardır. Nigari “Nigarnamə”, “Saqinamə”, “Çaynamə” məsnəvilərini, o cümlədən məşhur sufi mütəfəkkir  Muyiddin Ərəbinin “Fütuhatı-Məkkiyə” əsərinə izahlar yazmışdır. Son zamanlar nigarişünaslıq deyə biləcəyimiz ədəbiyyat tədqiqatları yaranmışdır. Hazırda Nigari və ardicıllarının həyat və yaradıcılığı daha dərindən öyrənilməkdədir. Mirzadə Mustafa Fəxrəddin Ağabalinin “Hümayi-ərş” əsərinin nəşr olunması bu istiqamətdə ilk mənbələrdəndır. 

Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini Qasım Qasımov da öz növbəsində simpoziumun Şamaxı filialında keçirilməsini mühüm hadisə kimi qiymətləndirərək  gələn qonaqları salamladı və simpoziumun işinə uğurlar arzuladı.

Sonra çıxış edən görkəmli akademiklərdən İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli simpoziumun işini elmi cəhətdən çox yüksək qiymətləndirdilər və bütün iştirakçılara uğurlar arzuladılar. 

Amasiya Azərbaycan Türkləri Kültür Sanat və  Dayanışma Dərnəyinin başkanı Atilla Yaprak, Amasiya Universitetinin dosenti Metin Hakverdioğlu, İtaliya Yokoko Assossasiyasından təşrif buyurmuş doktor Andrea Macchia, Makedoniya Universitetinin professoru Zoran Matevski, AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun dosenti Nəzakət Məmmədli, Həmzə Nigari nəslindən olan qonaqlardan Həmidov Siracəddin və Müntəxab Mirsədizadə çıxış və məruzələr edərək Həmzə Nigarinin həyat və yaradıcılığından, beynəlxalq simpoziumun əhəmiyyətindən danışdılar.

ADPU-nun Şamaxı filialının II kurs tələbəsi Heydər Sadıqovun balabanın müşaiəti ilə Həmzə Nigarinin “Qarabağ” tərcibəndini söyləməsi simpoziuma xüsusi rəng qatdı.

Plenar iclasın sonunda fəxri qonaqlara ADPU və onun Şamaxı filialı adından hədiyyələr təqdim olundu və gələn qonaqlar da öz hədiyyələrini təqdim etdilər.

Bir saatlıq nahar fasiləsindən sonra simpozium öz işini “Həmzə Nigari və sufizm”, “Türk dünyası mədəni irsi”, “Gənc alimlərin Sufizm və Türk dünyası mədəni irsi araşdırmaları” başlığı altında  üç bölmədə davam etdirdi. Bölmələr arası fasilədə iştirakçılar filialın həyatyanı sahəsi ilə tanış oldular və həzin musiqi sədaları altında təşkil olunmuş çay süfrəsinə dəvət olundular. 

Simpoziumun ilk günündə bölmə iclaslarından sonra qonaqlar Şamaxı rayonunda yerləşən Cümə məscidini və Tarix Diyarşünaslıq muzeyini ziyarət etdilər.

Növbəti gün saat 1200-dək simpozium öz işini başa çatdırdı və simpoziumun bağlanışında bölmə rəhbərlərinin hesabatı dinlənildi. Qeyd edildi ki, bölmələrdə çox maraqlı və aktual məqalələr müzakirə olundu. Simpoziumun keçirilməsi doğurdan da çox böyük əhəmiyyət daşıyır. Simpoziumda iştirak edən hər kəsə sertifikatlar və nəfis şəkildə tərtib olunmuş  “III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumu materialları” adlı kitab təqdim olundu. 

Sonda filialın direktoru T.Yusifova simpoziumun yüksək səviyyədə təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi və xarici ölkələrdən qatılmış qonaqlara simpoziumun gedişində çəkilmiş fotoşəkillərdən ibarət albom təqdim etdi. Simpoziumun bağlanışından sonra iştirakçılar Şamaxının tarixi əhəmiyyət daşıyan görməli yerlərini ziyarət etdilər.

Oxunub : 3718