AZE ENG
Facebook
Twitter Google Myspace
Fariz Sabir oğlu Xəlilli

FARİZ SABİR OĞLU XƏLİLLİ

Tarix üzrə fəlsəfə doktoru, arxeoloq, mədəni irs mütəxəssisi

 
Fariz Xəlilli 1 avqust 1980-ci ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndində və Bakı şəhərində tamamladıqdan sonra, 1997-2001-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr, 2001-2003-cü illərdə isə magistratura səviyyəsində təhsil almışdır. 2003-2006-cı illərdə AMEA Milli Azərbaycan Tarixi Muzeyində doktorantura təhsilini başa vuraraq tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
 
Elmi və peşəkar fəaliyyəti ərzində Fariz Xəlilli Azərbaycan arxeologiyası, muzeyşünaslıq, mədəni irs siyasəti və tarixi abidələrin qorunması sahəsində genişmiqyaslı araşdırmalar aparmış, çoxsaylı beynəlxalq və yerli layihələrə rəhbərlik etmişdir. O, həmçinin mədəni turizm, tərəkəmə irsi, sufi irsi və inklüziv mədəni irs təbliği sahələrində təşəbbüslərlə çıxış etmişdir.
 
Peşə fəaliyyətinə AMEA Milli Azərbaycan Tarixi Muzeyində başlayan Fariz Xəlilli burada müxtəlif vəzifələrdə - baş laborantdan şöbə müdirinədək yüksəlmiş, arxeoloji fondların idarə olunmasında, ekspozisiyaların hazırlanmasında və elmi nəşrlərin ərsəyə gəlməsində fəal iştirak etmişdir. Eyni zamanda Qafqaz Universitetində, Azərbaycan Müəllimlər İnstitutunda və ADPU-nun Şamaxı filialında elmi və pedaqoji fəaliyyət göstərmişdir. 2010–2020-ci illər və 2022-2025-ci illərdə isə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinə sədrlik etmiş, təşkilatın beynəlxalq nüfuzunun formalaşmasında mühüm rol oynamışdır.
 
Fariz Xəlilli 2019-2022-ci illərdə Dövlət Turizm Agentliyinin tabeliyində olan Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunun və daha sonra “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru vəzifəsində çalışmışdır. 2022-ci ildən isə doğma Gəgəli kəndinin bələdiyyə sədri kimi ictimai fəaliyyətini davam etdirmişdir. 2024-2025-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 2021-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu İslam dövrü arxeologiyası şöbəsinin aparıcı elmi işçisidir. 
 
O, həmçinin Azərbaycan və xarici ölkələrin elmi konfrans və simpoziumlarında məruzələrlə çıxış etmiş, arxeoloji ekspedisiyalara rəhbərlik etmişdir. Nərgizava, Ağsu, Şamaxı, Dəmirçi, Basqal və digər ərazilərdə aparılan arxeoloji qazıntılar və mədəni irsin qorunması ilə bağlı layihələrdə iştirak etmişdir.
Fariz Xəlilli 40-dan çox kitab və kitabçanın müəllifi və ya həmmüəllifi, 100-dən çox elmi məqalə və tezisin müəllifidir. Əsərləri həm Azərbaycan, həm də beynəlxalq nəşrlərdə dərc olunmuşdur agsuexpedition.academia.edu/FKhalilli. Onun diqqət mərkəzində mədəni irsin tədrisi, muzey ekspozisiyalarının tərtibatı, xalq yaddaşı və dini-mənəvi irsin araşdırılması durur. “Məktəblilər üçün Azərbaycan Arxeologiyası”, “Tərəkəmə Folkloru”, “Seyid Nəsimi – Həqiqətlərə Giriş” və digər əsərləri xüsusilə təqdirəlayiqdir.
 
Elmi və sosial fəaliyyətinin əsas istiqamətləri sırasında:
Arxeoloji abidələrin tədqiqi və konservasiyası
Tərəkəmə irsi və folkloru
İslam-türk dini və mənəvi irsinin araşdırılması
Arxeoturizm və mədəni irs layihələrinin təşkili
Muzeylərin elmi və bədii ekspozisiyalarının hazırlanması
İnklüziv və cəmiyyət yönümlü mədəni irs layihələrinin icrası yer alır.
 
Fariz Xəlilli bir sıra beynəlxalq təşkilatların – ICOM (Beynəlxalq Muzeylər Şurası), ICOMOS (Abidə və Yerlərin Beynəlxalq Şurası), YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər), DAF (Dünya Abidələr Fondu) üzvüdür. O, həmçinin Post-Orta Əsrlər Cəmiyyətinin və “MİRAS” İctimai Birliyinin daimi üzvüdür.
 
Dil biliklərinə görə türk və ingilis dillərində sərbəst danışır, rus dilini yaxşı səviyyədə bilir. Ailəlidir, səyahət etməyi, yeni mədəni irs nümunələrini kəşf etməyi və cəmiyyətə faydalı layihələrdə iştirak etməyi sevir.
 
Fariz Xəlillinin zəngin elmi fəaliyyəti, ictimai təşəbbüsləri və idarəçilik bacarığı onu Azərbaycanın aparıcı mədəni irs mütəxəssislərindən birinə çevirmişdir.
 
Ailəlidir. İki qızı və bir oğlu var.
 
 

 

Oxunub : 169