AZE ENG
Facebook
Twitter Google Myspace
Epiqrafçı alim Həbibə Əliyevaya “2026 Yılın Bilim İnsanı Ödülü” təqdim olunub
19-10-2026

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Mirpaşa qızı Əliyeva Türkiyədə keçirilən beynəlxalq konfransda “2026 Yılın Bilim İnsanı Ödülü”nə layiq görülüb.

12–13 oktyabr 2026-cı il tarixlərində Türkiyənin Hatay vilayətinin İskəndərun şəhərində, İskəndərun Texniki Universitetinin (İSTE) Memarlıq fakültəsində “Türk sənəti, tarixi və folkloru (Sənət ənənələri)” XX Beynəlxalq Konfransı keçirilib. Görkəmli Azərbaycan alimi, professor Ərtegin Salamzadənin yubileyinə həsr olunan tədbir Aydın Adnan Menderes Universiteti, İskəndərun Texniki Universiteti və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Əyani və onlayn formatlarda keçirilən konfransda Türkiyə, Azərbaycan, Rusiya (Tatarıstan), Ukrayna, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Albaniya, Şimali Makedoniya, Bolqarıstan, Moldova (Qaqauziya), İran, Misir və digər ölkələrdən 70-dən çox alim və tədqiqatçı iştirak edib. Tədbirdə Türk dünyasının sənəti, tarixi, folkloru və mədəni irsinin müxtəlif aspektlərinə dair elmi məruzələr təqdim olunub.

Konfransda Milli Azərbaycan Tarixi Muzeyini və “Miras” İctimai Birliyini təmsil edən Həbibə Əliyevaya açılış mərasimində Təşkilat Komitəsi tərəfindən “2026 Yılın Bilim İnsanı Ödülü” təqdim edilib.

Konfrans çərçivəsində alim “İslam dünyasının epiqrafik irsi: Nizaməddin və Həbib-i Nəccar məscidlərinin kitabələrinin müqayisəli təhlili” mövzusunda türk dilində məruzə ilə çıxış edib. Əyani formatda, slaydlarla müşayiət olunan məruzədə Bakının Əmircan qəsəbəsindəki Nizaməddin məscidinin epiqrafik materialları təhlil edilib, onların Türkiyənin Antakya şəhərində yerləşən Həbib-i Nəccar məscidinin kitabələri ilə müqayisəli tədqiqinə xüsusi diqqət yetirilib.

Araşdırmada hər iki abidənin kitabələrinin tarixi, dil və məzmun xüsusiyyətləri nəzərdən keçirilib. Bu materialların Türk-İslam mədəni irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından elmi əhəmiyyəti vurğulanıb.

Konfransın sonunda iştirakçılar Türk-İslam sənəti və mədəni irsinin tədqiqi, birgə elmi layihələrin həyata keçirilməsi, tədqiqat nəticələrinin nəşri, eləcə də tarixi abidələrin konservasiyası və restavrasiyası məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Tədbir müxtəlif ölkələrin alimləri arasında elmi əməkdaşlığın genişləndirilməsi və ortaq mədəni irsin öyrənilməsi üçün əhəmiyyətli platforma olub.

 

Oxunub : 189