AZE ENG
Facebook
Twitter Google Myspace
I Beynəlxalq “Türk dünyasının mənəvi öndərləri: Seyid Yəhya Bakuvi” konfransı
20-10-2026

 I Beynəlxalq “Türk dünyasının mənəvi öndərləri: Seyid Yəhya Bakuvi” konfransı

 
20 noyabr 2026-cı il | Bakı, Azərbaycan | Xəzər Universiteti
 
Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı, Azərbaycan, Türkiyə, Bolqarıstan, Özbəkistan, İngiltərə, Mərakeş və digər ölkələrin tərəfdaş qurumlarının dəstəyi ilə 20 noyabr 2026-cı il tarixində I Beynəlxalq “Türk dünyasının mənəvi öndərləri: Seyid Yəhya Bakuvi” konfransı keçiriləcək.
 
Konfrans XV əsr Azərbaycan sufi mütəfəkkiri, Xəlvətiyyə təsəvvüf məktəbinin görkəmli nümayəndəsi Seyid Yəhya Bakuvinin elmi-fəlsəfi və mənəvi irsinə həsr olunur. Bu tədbirlə əsası qoyulan beynəlxalq konfranslar silsiləsinin gələcəkdə türk dünyasının mənəvi və intellektual tarixində mühüm rol oynamış digər şəxsiyyətlərə həsr edilərək davam etdirilməsi nəzərdə tutulur.
 
2013-cü ildə UNESCO-nun 37-ci Baş Konfransının qərarı ilə Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi beynəlxalq səviyyədə qeyd edilmişdir. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun və Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu münasibətlə müxtəlif elmi və mədəni tədbirlər təşkil olunmuş, Bakı və Türkiyədə beynəlxalq konfranslar keçirilmişdir. Seyid Yəhya Bakuvinin fars dilində qələmə aldığı əsərlərin Azərbaycan türkcəsinə tərcümə edilərək nəşr olunması onun irfan irsinin daha geniş oxucu və tədqiqatçı auditoriyasına çatdırılmasına mühüm töhfə vermişdir.
 
Yeni konfrans həmin elmi və mədəni təşəbbüslərin davamı olmaqla yanaşı, türk dünyasının ortaq mənəvi irsinin tarixi, fəlsəfi, ədəbi və mədəni aspektlərini daha geniş elmi müstəvidə araşdırmağı hədəfləyir. Konfransın əsas məqsədi Seyid Yəhya Bakuvi irsinin türk-islam düşüncəsi tarixindəki yerini, Xəlvətiyyə məktəbinin müxtəlif coğrafiyalarda yayılmasını, mənəvi ənənələrin qarşılıqlı təsirini və bu irsin müasir əhəmiyyətini beynəlxalq elmi əməkdaşlıq çərçivəsində müzakirə etməkdir.
 
Konfransın əsas mövzuları
 
Seyid Yəhya Bakuvi irsi və türk dünyasının mənəvi inteqrasiyası.
 
Əhməd Yəsəvidən Seyid Yəhya Bakuviyə: türk təsəvvüf düşüncəsində varislik və müstəqil məktəblərin formalaşması.
 
Şirvandan Anadoluya uzanan irfan körpüsü: Seyid Yəhya Bakuvinin xəlifələrinin Osmanlı mədəni mühitinin formalaşmasında rolu.
 
Ortaq türk kimliyinin formalaşmasında təsəvvüfün rolu: Xəlvətiyyə məktəbi nümunəsində.
 
Seyid Yəhya Bakuvinin fəlsəfi təlimi, humanizm və tolerantlıq.
 
Multikultural dəyərlər kontekstində Seyid Yəhya Bakuvinin irfan anlayışı.
 
Klassik ədəbiyyat, dil və incəsənətdə Xəlvətiyyə izləri.
 
Xəlvəti ədibləri və klassik türk ədəbiyyatı: poeziya, fəlsəfi risalələr və tərcümə ənənəsi.
 
Seyid Yəhya əş-Şirvaninin əsərlərinin dil və üslub xüsusiyyətləri.
 
UNESCO və beynəlxalq müstəvidə Seyid Yəhya Bakuvi irsinin tanıdılması: 2013-cü il təcrübəsindən gələcək hədəflərə.
 
Təşkilatçı qurumlar
 
Xəzər Universiteti – Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu
 
Azərbaycan Milli Elmlər Akademiyası – Fəlsəfə və Sosiologiya İnstitutu
 
Tərəfdaş qurumlar
 
Miras İctimai Birliyi – Azərbaycan
 
Kafkas Universiteti, Ebülhasan Harakani Araştırma ve Uygulama Merkezi – Türkiyə
 
Üsküdar Üniversitesi, Tasavvuf Araştırmaları Merkezi – Türkiyə
 
Turan Elmi Araşdırmalar Mərkəzi – Özbəkistan
 
Royal Society of Arts – İngiltərə
 
Cambridge Central Asia Forum – İngiltərə
 
Bolqarıstan Elmlər Akademiyası, Fəlsəfə və Sosiologiya İnstitutu – Bolqarıstan
 
International Academic Center for Strategic Studies – Mərakeş
 
İştirak və müraciət şərtləri
 
Konfransda iştirak etmək istəyən tədqiqatçılar müəllif haqqında məlumatları və 300–350 sözdən ibarət xülasəni elektron poçt vasitəsilə təqdim edə bilərlər.
 
Konfransın dilləri: Azərbaycan dili, Türkiyə türkcəsi və digər türk dilləri, ingilis və rus dilləri.
 
İştirak formatı: Konfrans hibrid formatda – əyani və onlayn şəkildə keçiriləcək.
 
Müraciət ünvanı: mefam@khazar.org
 
E-poçtun mövzu hissəsi: “Bakuvi konfransı”
 
Mühüm tarixlər
 
20 oktyabr 2026 – Xülasələrin təqdim edilməsi üçün son tarix
 
25 oktyabr 2026 – Qəbul edilmiş xülasələrin elan olunması
 
20 noyabr 2026 – Beynəlxalq konfransın keçirilməsi
 
Konfransın keçiriləcəyi məkan
 
Xəzər Universiteti, Bakı, Azərbaycan
 
Əlaqə
 
E-poçt: mefam@khazar.org
 
Türk dünyasının mənəvi və intellektual irsinin tədqiqinə töhfə vermək istəyən alimləri, tədqiqatçıları və mütəxəssisləri beynəlxalq konfransda iştirak etməyə dəvət edirik.
Oxunub : 114